Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının üzvləri atıcılıq infoturunda iştirak ediblər

Martın 6-da Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə 30-a yaxın üzv şirkətlərin nümayəndələri üçün Hərbi Ovçuluq İttifaqının Novxanı Atıcılıq Mərkəzinə infotur təşkil edilib.

İnfotur zamanı iştirakçılara mərkəzdəki silah çeşidləri, onlardan təyinatları üzrə istifadə formaları, eləcə də təhlükəsizlik qaydaları barədə detallı informasiya təqdim olunub.

Şirkət nümayəndələri silah növləri üzrə təqdim olunan atıcılıq xidmətləri barədə ətraflı məlumatlandırılıblar və xidmətlərdən praktiki olaraq istifadə ediblər.

İnfoturun məqsədi üzv şirkətləri atıcılıq mərkəzi ilə yaxından tanış etmək, atıcılığa və ov turizminə maraq göstərən müştərilərinə mərkəzin xidmətlərini turizm məhsulu olaraq təqdim etməkdir.