Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) gəlmə turizmi ilə məşğul olan üzvləri üçün açıq qapı günü təşkil olunub.
Tədbirdə ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov, Gəlmə Turizm Komitəsinin nümayəndələri və ATAA üzvləri iştirak ediblər.
Görüşün əsas məqsədi gəlmə turizmi sahəsində ötən il əldə olunan nəticələri, mövcud vəziyyəti, üzvlərin qarşılaşdığı çətinlikləri və həlli yollarını, onları maraqlandıran məsələləri müzakirə etmək, eləcə də Assosiasiyanın bu istiqamətdə gördüyü işlər və planlaşdırılan yeniliklər barədə tədbir iştirakçılarına ətraflı məlumat verməkdir.
Açıq qapı günü çərçivəsində İdarə Heyətinin sədri assosiasiyanın tərkibində fəaliyyət göstərən komitələr, komissiyalar və işçi qrupları haqqında məlumat verib. O, turizm sektorunda daha çevik və effektiv fəaliyyətin təmin edilməsi məqsədilə formalaşdırılan bu istiqamətlərin üzvlərin maraqlarının müdafiəsinə xidmət etdiyini bildirib.
Görüş zamanı qoruqlar və muzeylərdə tətbiq edilən qiymət dəyişiklikləri məsələsinə toxunulub, bu istiqamətdə ATAA üzvlərinə dəstək məqsədilə aparılan görüşlər və danışıqlar, görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində həmçinin beynəlxalq sərgilərdə iştirak, yeni turizm istiqamətlərinin təşviqi, yeni bazarlara çıxış, alternativ turizm növlərinin inkişafı mövzuları müzakirə edilib.
Görüşün sonunda ölkəyə gələn turistlərin sayının artırılması üçün təkliflər səsləndirilib, üzvlərin rəy və tövsiyələri dinlənilib.
ATAA sədri səsləndirilən bütün təklif və tövsiyyələrin diqqətlə dəyərləndiriləcəyini və gələcək fəaliyyət planlarında nəzərə alınacağını diqqətə çatdırıb.