ATAA, “Travelport” şirkəti ilə əməkdaşlığı genişləndirir

photo

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Böyük Britaniyanın “Travelport” şirkətinin Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlığı genişləndirir.

Assosiasiya, Azərbaycanın turizm bazarında səyahət məhsullarını satmaq və idarə etmək təcrübəsinə malik olan “Travelport” şirkəti ilə keyfiyyətli turizm xidmətlərinin göstərilməsinə və turizm bazarının sağlamlaşdırılmasına xidmət edəcək bir sıra məsələləri müzakirə edib.

Görüşdə assosiasiya üzvlərinə aviabiletlərin düzgün tərtib olunması, otellərin bron edilməsi və xidmət sahəsində məmnunluğun təmin edilməsinə istiqamətlənmiş treninglərin keçirilməsi təklif olunub.

Eyni zamanda  şirkət tərəfindən assosiasiya üzvlərinə  aviabiletlərlə bağlı endirimli qiymət tariflərinin verilməsi məsələsi də müzakirə edilib.

180-ə yaxın  ölkədə təmsil olunan “Travelport” şirkəti hava yolları, otel, avtomobil icarəsi, mobil ticarət və B2B sahəsində öz mövqeyi və peşəkarlığı ilə seçilən şirkətlərdən biri sayılır.

Eyni zamanda aviaşirkətlərə alış-veriş, bilet, yola düşmə nəzarəti və digər xidmətlər göstərir.