Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Gəlmə Turizm Komitəsi yay mövsümünün nəticələri və qış mövsümünə hazırlıq məsələlərinə dair toplantı keçirib.
Görüşdə yay mövsümünün yekunları dəyərləndirilib, ölkəyə gələn turistlərin statistik göstəriciləri, bazar tendensiyaları və agentliklərin fəaliyyətində yaşanan çətinliklər və həlli yolları, o cümlədən turizm şirkətləri üçün dövlət muzeylərinə giriş prosedurlarının tənzimlənməsi məsələləri müzakirə olunub.
İclasda ATAA-nın təşəbbüsü ilə Mədəniyyət Nazirliyində keçirilən gorüşdə Qobustan Milli Tarixi-Bədii Qoruğuna artırılan giriş qiymətlərinin Assosiasiya üzvləri üçün tədbiqinin bir müddətlik dayandırılması ilə bağlı razılığın əldə olunması haqqında komitə üzvlərinə məlumat verilib.
Toplantıda həmçinin qarşıdan gələn qış mövsümünə hazırlıq, Azərbaycanın qış turizmi imkanlarının beynəlxalq bazarlarda tanıtımı, yerli və xarici tərəfdaşlarla mövcud əməkdaşlığın gücləndirilməsi və yeni tərəfdaşlıq əlaqələrinin qurulması, eyni zamanda rəqəmsal marketinq alətlərindən istifadənin genişləndirilməsi və qış mövsümünə uyğun turpaketlərin hazırlanması, xidmət keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin yüksəldilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb,təkliflər dinlənilib.
İclasın sonunda Gəlmə Turizm Komitəsi üzv agentlikləri rəqabət mühiti qorunmaqla sıx koordinasiya şəklində əməkdaşlığa çağırıb.