Tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri Azərbaycan Turim Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Türk Hava Yolları şirkətinin Bakı nümayəndəsinin rəhbəri Hamid Eldeleklioğlu ilə keçirilən görüşdə müzakirə edilib.
Görüşdə tərəflər əməkdaşlıq çərçivəsində 2025-ci ildə əldə olunan nəticələri, həmçinin 2026-cı il üçün gözləntiləri, planlaşdırılan tədbirləri və prioritet istiqamətləri müzakirə ediblər .
Müzakirələr zamanı Türk Hava Yolları ilə qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi, birgə layihələrin sayının artırılması və turizm sektoruna əlavə dəyər yaradan təşəbbüslərin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olub.
Görüşdə çıxış edən ATAA İdarə Heyəti sədri Göydəniz Qəhrəmanov Türk Hava Yollarının Azərbaycanın turizm bazarı üçün mühim tərəfdaş olduğunu bildirib. O, ötən ildə həyata keçirilən birgə layihələr, xüsusilə həm Azərbaycana təşkil olunan,həm də ATAA üzvləri üçün xarici ölkələrə həyata keçirilən info-turlarda Türk Hava Yolları tərəfindən göstərilən dəstəyin ölkəmizin turizm potensialının beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verdiyini qeyd edib.ATAA sədri 2026-cı ildə bu əməkdaşlığın daha da genişləndiriləcəyinə və birgə layihələrin sayının artırılacağına ümid etdiyini vurğulayıb.
Azərbaycanın Türk Hava Yolları üçün önəmli və perspektivli istiqamət olduğunu diqqətə çatdıran Türk Hava Yolları şirkətinin Bakı nümayəndəsinin rəhbəri Hamid Eldeleklioğlu ATAA ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın turizm sektorunun inkişafına dəstək verməkdən məmnun olduğunu bildirib. O qarşıdakı dövrdə yeni marşrutlar, xidmət yenilikləri və birgə təşviqat kampaniyaları ilə bu əməkdaşlığın daha da gücləndirməyi planlaşdırdıqlarını qeyd edib.
Türk Hava Yolları nümayəndəsi müzakirələr zamanı şirkətin yeni istiqamətləri, xidmət keyfiyyətinin artırılmasında tətbiq olunan yeniliklər və regional bazarlar üzrə planları barədə məlumat verilib.