• USD 1.7
  • 22 °C
|

ATAA Cənubi Koreya ilə turizm sahəsində əməkdaşlığı genişləndirir

24 Aprel 2025
img

Cənubi Koreyanın turizm yönümlü təşkilatları və turizm Assosiasiyaları  ilə iki tərəfli əlaqələrin genişləndirilməsi imkanları Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Cənubi Koreyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Changsoo Kim ilə müzakirə olunub.

Görüş zamanı ilk olaraq Assosiasiyanın  fəaliyyəti və xidmət istiqamətləri haqqında rəsmi nümayəndəyə məlumat verən Göydəniz Qəhrəmanov Cənubi Koreya ilə turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin  Assosiasiya üçün maraqlı  istiqamətlərdən biri olduğunu  bildirib. ATAA sədri turizm əlaqələrinin davamlı olaraq möhkəmləndirilməsinin və daha çox turistin qarşılıqlı şəkildə səfərlərinin təşkil  edilməsi baxımından Assosiasiya üçün önəmli olduğunu vurğulayıb.

Azərbaycanın zəngin mədəni irsə və füsünkar təbiətə sahib olduğunu, o cümlədən   ölkədə müasir turizm infrastrukturunun yaradıldığını qeyd edən Cənubi Koreyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Changsoo Kim turizm sahəsində qarşılıqlı maraq doğuran iş birliyinin formalaşdırılmasının  vacibliyini dilə gətirərək turist axınının artırılmasının önəmli olduğunu qeyd edib.

Müzakirələr çərçivəsində ATAA üzvləri ilə kommunikasiya əlaqələrinin genişləndirilməsi, turizm agentlikləri arasında təcrübə mübadiləsinin aparılması, birbaşa uçuşların təşkili, turizm potensialının daha da artırılması məqsədilə B2B görüşlərin və təgqdimatların həyata keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.