• USD 1.71
  • 25 °C
|

ATAA və “Air Arabia” əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər

21 Sentyabr 2026
img

“Air Arabia” Hava Yolları şirkəti ilə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri istiqamətində həyata keçirilən uçuşlar üzrə yeni imkanlar Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla “Air Arabia” Hava Yolları şirkətinin Baş Regional Meneceri Nikolas Kehdi arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Görüşdə “Air Arabia”nın marşrut şəbəkəsindəki yeniliklər və gələcək planları barədə fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında hava əlaqələrinin daha da gücləndirilməsi, qarşılıqlı turist axınının artırılması və aviaşirkətin uçuş imkanlarının turizm sektorunun inkişafına verdiyi töhfələr diqqət mərkəzində olub.

Görüşdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov aviaşirkətin Azərbaycan istiqamətində uçuşların tam bərpa olunmasının turizm bazarının canlanması və səyahət imkanlarının genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə uçuş tezliklərinin artırılması və sərnişinlər üçün daha əlçatan hava nəqliyyatı imkanlarının yaradılmasının Azərbaycanla BƏƏ arasında turist mübadiləsinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Müzakirələr zamanı “Air Arabia”nın dünya üzrə uçuş şəbəkəsindəki yeniliklər, mövcud istiqamətlərin inkişafı və yeni marşrutların açılması perspektivləri nəzərdən keçirilib.

Həmçinin yeni uçuş istiqamətlərinin istifadəyə verilməsinin Azərbaycan turizm şirkətləri üçün əlavə bazarlara çıxış, xarici turistlərin ölkəmizə cəlb olunması və səyahət imkanlarının şaxələndirilməsi baxımından yaratdığı imkanlar ətrafında fikir mübadiləsi aparılıb.