Görüşdə çıxış edən ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov yeni üzvlərə Assosiasiyanın fəaliyyət istiqamətləri, idarəetmə strukturu, İdarə Heyətinin tərkibi, tabeliyində fəaliyyət göstərən komitə və komissiyaların iş prinsipləri, eləcə də həyata keçirilən layihə və təşəbbüslər barədə ətraflı məlumat verib.
Bununla yanaşı Assosiasiyanın son illərdə əldə etdiyi nəticələr, xüsusi ilə dövlət qurumları, xarici diplomatik nümayəndəliklər, beynəlxalq turizm təşkilatları, aviadaşıyıcılar və digər tərəfdaş qurumlarla qurulan əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində görülən işlər yeni üzvlərin diqqətinə çatdırılıb.
Görüş çərçivəsində yeni üzvlər fəaliyyət sahələri və göstərdikləri xidmətlər barədə geniş məlumat təqdim edib, turizm sektorunun aktual məsələləri, mövcud çağırışlar və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb, qarşılıqlı fikir və təkliflər səsləndirilib.
Göydəniz Qəhrəmanov yeni üzvlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onları Assosiasiyanın təşəbbüslərində, sektorun inkişafına yönəlmiş layihələrdə və ölkə turizminin tərəqqisində fəal iştirak etməyə dəvət edib.