• USD 1.7
  • 21 °C
|

ATAA sədri Braziliya səfiri ilə turizm sektorunda fəaliyyət göstərən assosiasiyaların birgə əməkdaşlığını müzakirə edib

3 May 2025
img

Azərbaycan və Braziliyanın turizm assosiasiyaları arasında əməkdaşlıq imkanları, qarşılıqlı səfərlərin təşkili və birgə təşəbbüslərin həyata keçirilməsi məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov ilə Braziliya Federativ Respublikasının Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz arasında keçirilən görüşdə müzakirə olunub.

Görüş zamanı ATAA sədri tərəfindən Braziliya səfirinə Assosiasiyanın fəaliyyət istiqamətləri və ölkə turizminin inkişafında oynadığı rolu barədə ətraflı məlumat verilib.

Son illər Azərbaycanın turizm sektorunun dinamik inkişafının beynəlxalq tərəfdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd edən Göydəniz Qəhrəmanov yeni turizm destinasiyalarının açılmasının ölkənin turizm sənayesi üçün əhəmiyyətli olduğunu bildirib. O, Braziliyanın zəngin mədəni irsi və təbii gözəllikləri ilə azərbaycanlı turistlər üçün cəlbedici istiqamətlərdən biri olduğunu vurğulayıb. ATAA sədri assosiasialar arasında qarşılıqlı əlaqələrin qurulmasının hər iki ölkənin turizm sənayesi üçün mühim iqtisadi və mədəni faydalar verəcəyini diqqətə çatdırıb.

Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz öz növbəsində ölkəsinin Azərbaycanla turizm sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini, Braziliyada Azərbaycanın turizm potensialının daha geniş təbliğ olunmasının, habelə assosiasiya üzvüləri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyini qeyd edib. Diplomat bu istiqamətdə səfərilik tərəfindən dəstəyin bundan sonra da göstəriləcəyini vurğulayıb.

Görüş çərçivəsində Azərbaycanın və Braziliyanın assosiasiyaları və turizm yönümlü digər təşkilatları ilə turizm əlaqələrinin qurulması üçün onlayn və B2B formatlı görüşlərin keçirilməsi, iki ölkənin turizm potensialının daha geniş tanıdılması, ATAA üzvləri ilə Braziliya turagentləri arasında əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, o cümlədən COP 30 ərəfəsində ATAA üzvləri üçün səfər imkanlarının təşkili ilə bağlı viza və digər məsələlərdə səfirlik tərəfindən dəstəyin göstərilməsi müzakirə olunub.